İƏİT ilə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

2023.11.20 18:29 (UTC+04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) (OECD) nümayəndələri ilə keçirilən görüş çərçivəsində “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nı imzaladıq.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.

"100-dən çox ölkənin imzaladığı bu Konvensiyaya tərəfdar çıxmaqla ölkəmizin qlobal səviyyədə vergidən yayınmanın qarşısının alınması prosesinə öz töhfəsini vermək niyyətini bir daha vurğuladıq, İƏİT ilə ikitərəfli əməkdaşlığın perspektivləri və potensial tərəfdaşlıq istiqamətləri barədə fikirlərimizi bölüşdük", - nazir əlavə edib.