Prezident İlham Əliyev: “Növbəti həftələrdə Kərkük,Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq”

2023.11.20 17:49 (UTC+04:00)

İki həftədən sonra nümayəndə heyətimiz hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək. Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var. Həmçinin bu gün enerji sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı bu məsələ yenə müzakirə olunacaq.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-da Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib.

Azərbaycan və İraq paytaxtları arasında birinci birbaşa uçuşun baş tutduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Növbəti həftələrdə bizim Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq. Biz hər iki istiqamətdə çox sayda turistlərin səyahət edəcəyini gözləyirik. Əlbəttə ki, biz vizaların verilməsi prosesini sadələşdirmək üçün növbəti hansı addımların atılmasını da müzakirə etdik. Əminəm ki, səfərin nəticələri çox yaxşı olacaq. Biz bir daha ölkələrimiz arasında dostluq münasibətlərinin olduğunu təsdiq etdik. Dialoqumuzun davam etdirilməsi, əminəm ki, yeni yaxşı nəticələrə gətirib çıxaracaq və bizim əməkdaşlıq güclənəcək”.

AZƏRTAC