Rusiya ilə ticarət dövriyyəsi 3,4 milyard dolları üstələyib

2023.11.20 16:33 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 20 faiz və ya 575,27 milyon ABŞ dolları artaraq 3,44 milyard dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 10 ayında Azərbaycandan Rusiyaya 961 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 33,6 faiz və ya 241,9 milyon dollar çoxdur.

Rusiyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 15,5 faiz və ya 333,3 milyon dollar artaraq 2,48 milyard dollar təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rusiya ilə ticarətin payı 7,91 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 1,72 faiz bəndi çoxdur.