Biznes ekomühitinin yaxşılaşdırılmasının mühüm qolu iqtisadiyyatın gömrük-vergi tənzimlənməsi sisteminin təkmilləşdirilməsidir. Ölkəmizin investisiya mühitinin cəlbediciliyinin artırılması üçün fiskal alətlərdən aktiv istifadə etməsi ümumi prosesə təkan verir.
Bu fikirləri iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən "Gömrük Biznes Forumu 2023" tədbirində bildirib.
“Bu il yerli istehsalatda istifadə olunan 300-ə yaxın aralıq mal idxal rüsumundan azad edilib. Bu addım yerli istehsalın maya dəyərinin azaldılmasında, yerli malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayıb. Hazırda bu proses davam edir. Belə ki, ixracda hesablaşma qaydalarının təkmilləşdirilməsi, yerli istehsalda xammal ehtiyacının ödənilməsi, əhalinin idxaldan aslı olan bir sıra zəruri istehlak malları ilə etibarlı təminatı məqsədilə tətbiq olunan tarif tədbirləri, o cümlədən güzəşt müddətlərinin uzadılması istiqamətində qanunvericilik layihələri hazırlanıb və hazırda aidiyyəti dövlət orqanları ilə müzakirə olunur”, - deyə nazirin birinci müavini qeyd edib.
O diqqətə çatdırıb ki, iqtisadiyyatımızın qarşısında duran əsas məqsədlərdən biri Azərbaycanın ixrac potensialının artırılmasıdır: “2023-cü ilin 9 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çox - 500 mln. dollardan çox məhsul daxildə emal gömrük proseduru altında yerləşdirilib. Beləliklə, bu göstərici sözügedən mexanizmin emal və xidmət sektorunun inkişafı, xüsusilə də ixrac fəaliyyətinin genişləndirilməsi üçün mühüm əhəmiyyətə malik olduğunu bir daha təsdiqləyir. Gömrük prosedurlarının sadələşdirilməsi kimi amillər ölkəmizin xarici ticarət dövriyyəsinin həcminin sürətlə artmasına səbəb olub. Neft və qazın dünya bazarı qiymətlərinin ötən illə müqayisədə aşağı düşməsinə baxmayaraq, xarici ticarət balansında böyük həcmli profisit müşahidə olunmaqdadır. Belə ki, cari ilin 10 ayında ixrac 29 mlrd. dolları ötüb, ticarət balansının profisiti 15 mlrd. dollardan çox olub. Qeyri-neft-qaz sektorunun ixracı isə 11 faizdən çox artaraq 2,7 mlrd. dolları ötüb. Emal olunmuş kənd təsərrüfatı məhsulları çıxılmaqla qeyri-neft sənaye məhsullarının qeyri-neft-qaz ixracında payı 68 faizə çatmaqdadır. Cari ilin 9 ayında sənaye zonalarının qeyri-neft-qaz ixracında payı isə 23 faizə çatıb”,- deyə E.Əliyev bildirib.
AZƏRTAC