Fermerlərə sığorta ödənişlərinə başlanılıb

2023.11.17 17:24 (UTC+04:00)

Vəhşi heyvanların hücumu nəticəsində dəyən zərərə görə fermerlərə sığorta ödənişlərinə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, indiyədək sığortalanan təsərrüfatlarda vəhşi heyvanların hücumu nəticəsində 14 hadisə qeydə alınıb. Bəzi hadisələrə görə ödənişlər edilib, digər hadisələr üzrə isə ödənişlərin həyata keçirilməsi üzrə zəruri sənədlər toplanılır.

Qaydalara görə, aqrar sığorta südlük və ətlik mal-qaranı, eləcə də xırdabuynuzlu heyvanları əhatə edir. Sığorta tarifi fermerin seçdiyi sığorta zərfindən asılı olaraq 6,1-9,5 faiz arasında dəyişir. Sığorta haqqının 50 faizini fermerə dəstək üçün dövlət ödəyir. Nəticədə, məsələn, qiyməti 2 min manat olan mal-qaranın ümumi sığorta haqqı 122-190 manat arasında dəyişir. Fermer isə bu məbləğin yalnız 50 faizini ödəyərək təsərrüfatını sığorta edə bilər.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Aqrar Sığorta Fondu tərəfindən kənd təsərrüfatı heyvanlarının tələf olması üzrə fermer və təsərrüfatlara ümumilikdə 624 min manat sığorta ödənişi həyata keçirilib.

Dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta vasitəsilə əkin sahələrini, kənd təsərrüfatı heyvanlarını və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Aqrar sığorta çərçivəsində heyvanlar yoluxucu xəstəliklər, ilan və ya həşərat sancması, zəhərli ot, yem və kimyəvi maddələrdən zəhərlənmə, təbii fəlakət, yanğın, üçüncü şəxslərin hərəkətləri ilə yanaşı, vəhşi heyvanların hücumundan da sığortalanır.