Dövlət Vergi Xidmətində beynəlxalq ekspertlərlə görüş keçirilib

2023.11.17 10:47 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) xarici ölkələrin vergi qurumları ilə beynəlxalq əməkdaşlığı davam etdirir. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Gəlirlər və Gömrük Xidmətinin ekspertləri Entoni Klark və Simon Kimber Sərhədsiz Vergi Müfəttişləri (SVM) proqramı çərçivəsində Dövlət Vergi Xidmətində olublar. 13-16 noyabr tarixlərini əhatə edən səfərin məqsədi britaniyalı ekspertlərin transfer qiymətləri ilə bağlı azərbaycanlı həmkarları ilə fikir mübadiləsi və müzakirələrin aparılması olub. Qonaqlar Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi və Milli gəlirlər baş idarəsinin rəhbərliyi və əməkdaşları ilə görüşlər keçirib, nəzarət olunan əməliyyatların transfer qiymətlərinin müəyyən edilməsinə dair vergi müfəttişlərini maraqlandıran sualları cavablandırıb, Böyük Britaniyanın sözügedən sahədə təcrübəsi barədə danışıblar.