ƏDV məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizənin verilməsi

2023.11.17 13:55 (UTC+04:00)

Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, vergi ödəyicisi, o cümlədən Məcəllənin 218.1.2-ci və ya 218.1.3-cü maddələrində göstərilən şəxslər (bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-yə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir.

Fikir verirsinizsə, burada "bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə" göstərilib. Vergi Məcəlləsinin 16.3-cü maddəsində qeyd edilib ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq, vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim etməlidir. Göründüyü kimi, Vergi Məcəlləsinin 16.3-cü maddəsi sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırdırılmasını nəzərdə tutur. Həmin maddədə yer alan hal Məcəllənin 158.1-ci maddəsində istisna edilir. Buradan belə nəticə əldə edirik ki, ƏDV ödəyicisi sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırdıqda ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilməz.