Dayanıqlı maliyyə və investisiya mövzusunda II Bakı Forumu başa çatıb

2023.11.16 18:00 (UTC+04:00)

Dayanıqlı maliyyə və investisiya mövzusunda II Bakı Forumu başa çatıb. Forumun bağlanış mərasimində çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov tədbir çərçivəsində aparılan müzakirələr və əldə edilən nəticələrin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi istiqamətində təcrübələrin bölüşdürülməsi və birgə fəaliyyət üzrə yol xəritələrinin hazırlanması baxımından önəmini vurğulayıb: “Müzakirələr və təqdimatlar göstərir ki, özəl sektoru DİM-in icrasına səfərbər etmək vacibdir. Bunun üçün DİM İnvestor Xəritəsi kimi məhsullar vasitəsilə investisiya imkanları və sahələr haqqında məlumatlar təmin edilməlidir. Bir məqam xüsusilə qeyd olundu ki, bu sahədə inkişaf məqsədilə əməkdaşlığı genişləndirmək və DİM-ə investisiyaları artırmaq üçün sistemli tədbirlər görülməlidir”.

BMT İnkişaf Proqramının Azərbaycan üzrə rezidenti vəzifəsinin icraçısı Alessandra Rokkasalvo Forumun təşkilinə görə təşəkkürünü ifadə edib, təmsil etdiyi qurumun 18-ci DİM-in icrasında Azərbaycan hökumətinə dəstəyini davam etdirəcəyini, azad edilmiş ərazilərimizin minalardan təmizlənməsində birgə fəaliyyət göstərəciyini bildirib.

Forumun yekunu olaraq Bakı Bəyannaməsi qəbul olunub. Bəyannamədə DİM-ə sərmayələrin cəlb edilməsi, investisiya ekosisteminin təşviqi məqsədilə regional əməkdaşlığın yaradılması, buna dair koordinasiya mexanizminin icrasına dövlət qurumları, akademik dairələr və investorların cəlb olunması təklifləri əksini tapıb.