Özbəkistanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Daşkənd şəhərində "Kiçik və orta biznes – İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrində iqtisadi inkişafın və tərəqqinin drayveri" mövzusunda 5-ci İƏT biznes-forumu keçirilib. Azərbaycan sözügedən tədbirdə tikinti, sənaye, əczaçılıq, e-ticarət, turizm, kənd təsərrüfatı, logistika və s. sahələrdə fəaliyyət göstərən 20-dək şirkətdən ibarət nümayəndə heyəti ilə təmsil olunub.
Tədbirdə çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev qeyd edib ki, Azərbaycan İƏT ölkələri ilə biznes və investisiyaların təşviqi siyasətini fəal şəkildə həyata keçirir, bu da öz növbəsində regional əməkdaşlığı inkişaf etdirir. Qeyd olunub ki, təşkilata üzv olan ölkələrlə ticarət həcminin artırılmasına yönəlmiş səylər ticarət dövriyyəsi, o cümlədən ixraca müsbət təsir göstərir. Azərbaycan İƏT ölkələri ilə güclü investisiya əlaqələri qurub, qarşılıqlı investisiya layihələri həyata keçirilir, birgə investisiya fondlarının yaradılması prosesinə başlanılıb. Artıq Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu fəaliyyət göstərir.
Tədbirdə həmçinin Özbəkistan hökuməti və İƏT rəsmilərinin, eləcə də Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və İranın ticarət və sənaye palatalarının rəhbərləri çıxış ediblər. Bununla yanaşı, biznes forum çərçivəsində sahibkarlar arasında B2B görüşlər təşkil olunub.
Bundan başqa, Daşkənddə AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov arasında görüş keçirilib. Tərəflər arasında Yol xəritəsi çərçivəsində atılacaq növbəti praktiki addımlar müzakirə olunub, Regionlararası Forumun keçirilməsi, eləcə də ikitərəfli əlaqələrin inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.