Oktyabrda gündəlik neft hasilatı 603 min barel olub

2023.11.16 17:36 (UTC+04:00)

Bu ilin oktyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 603 min barel olub ki, bu da 2022-ci ilin sentyabr ayının göstəricisindən 9,2 faiz və ya 60,8 min barel azdır.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Energetika Nazirliyinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin oktyabr hasilatında 489 min bareli xam neftin, 114 min bareli isə kondensatın payı təşkil edib. 2022-ci ilin eyni ayının müvafiq göstəriciləri üzrə xam neft hasilatı 10,6 faiz (58,2 min barel), kondensat hasilatı isə 2,2 faiz (2,6 min barel) azalıb.

Bu ilin sentyabr ayına nisbətdə isə oktyabrda xam neft hasilatında 0,4 faiz (2 min barel), kondensat hasilatında isə 1,7 faiz (2 min barel) azalma müşahidə olunub.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.