Öncə bir məqamı qeyd edək ki, həmin maddədə “Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq” ifadəsindən istifadə edilir ki, bu da o anlama gəlir ki, vergi ödəyicisinin fəaliyyətinə müvafiq olaraq 15.000 və ya 30.000 manatlıq həddi keçmədiyi halda belə, həmin əməliyyatlar mütləq nağdsız qaydada həyata keçirilməlidir.
Misal 1: Əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxs işçiyə 2023-cü ilin fevral ayında 400 manat məbləğində əməkhaqqını nağd şəkildə ödəyib. Vergi ödəyicisinin fevral ayı üzrə nağd əməliyyatlarının cəmi 1.000 manat təşkil etməsinə baxmayaraq, vergi ödəyicisinə 400 manatlıq nağd əməliyyata görə maliyyə sanksiyası tətbiq ediləcək.
Misal 2: Vergi ödəyicisi dövlət satınalma müqaviləsi üzrə 40.000 manat məbləğində vəsait əldə edib, 2023-cü ilin mart ayında 200 manat məbləğində tikinti materiallarını nağd şəkildə alıb. Həmin ayda vergi ödəyicisinin nağd əməliyyatları yalnız ödənilən 200 manatdan ibarət olsa da, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə uyğun olaraq, maliyyə sanksiyası tətbiq ediləcək.
İndi isə vergi ödəyicisi tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4-cü maddəsinə əsasən, yalnız nağdsız formada həyata keçiriləcək hesablaşmaların siyahısını təqdim edirik:
- vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;
- “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” qanunlarla müəyyən edilmiş ödənişlər;
- dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;
- əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən işəgötürən tərəfindən ödənilən, qanunverrciliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;
- stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;
- faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;
- dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);
- təhsil haqlarının ödənilməsi;
- turagentlərə ödəmələr;
- ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;
- pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər;
- tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər;
- “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarla tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).
Aşağıdakı 3 halın isə 1 fevral 2023-cü il tarixdən tətbiqinə başlanıb:
- Daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən vaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər.
Maddədən göründüyü kimi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması zamanı ödənişlənin nağd formada həyata keçirilməsinə məhdudiyyət qoyulub.
Misal 3: Vətəndaş mənzil-tikinti kooperativindən 50.000 manat məbləğində yaşayış sahəsi əldə edirsə, o zaman həmin şəxs ödənişi nağdsız formada həyata keçirməlidir.
Misal 4: Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər qarşı tərəfə 100.000 manat məbləğində qeyri-yaşayış sahəsi təqdim edir. Razılaşmaya əsasən, ilkin ödəniş 20.000 manat məbləğindədir, digər ödənişlər aylıq hissə-hissə həyata keçiriləcək. Bu halda həm ilkin məbləğ, həm də hissəli ödənişlər nağdsız formada həyata keçirilməlidir.
- Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği 15.000 manatdan artıq olan ödənişlər.
İzah: Öncəki maddədən fərqli olaraq, Qanunun 3.4.15-ci maddəsində 15.000 manatdan artıq olan ödənişlər üçün nağdsız hesablaşma tələbi qoyulub. Qeyd edək ki, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunda qiymətli metallar, qiymətli daşlar və qiymətli metallardan hazırlanmış məmulatlar anlayışının açıqlaması verilib: qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallar (palladium, iridium, osmium, rodium və rutenum); qiymətli daşlar - işlənilmiş və işlənilməmiş şəkildə olan təbii almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər; qiymətli metallardan və qiymətli daşlardan məmulatlar - qiymətli metallardan və onların əlvan metallarla ərintilərindən, qiymətli daşlardan xususi emal edilmiş qiymətli və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyaları.
Misal 5: Vergi ödəyicisi 20.000 manat məbləğində təbii almaz satarsa, həmin ödəniş nağdsız formada həyata keçirilməlidir.
Misal 6: Vergi ödəyicisi qiymətli daşlardan xüsusi emal edilmiş qiymətli və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetiki 12.000 manata satarsa, həmin prosesin nağd əməliyyat formasında həyata keçirilməsi qanun pozuntusu hesab edilməyəcək. Çünki bir əməliyyat üzrə ödəniş məbləği 15.000 manatdan aşağıdır.
Rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği 15.000 manatdan artıq olan ödənişlər də nağdsız ödənilməlidir (Maddə 3.4.16.).
Daşınar əmlakların rəsmi reyestrlərdə qeydiyyata alınması Azərbaycan Prezidentinin 11 aprel 2007-ci il tarixli fərmanı ilə “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların siyahısı”na əsasən həyata keçirilir.
Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı