Azərbaycan və Serbiya arasında təbii qaz sahəsində strateji sənədlər imzalanıb

2023.11.15 13:10 (UTC+04:00)

Energetika naziri Pərviz Şahbazov ilə Azərbaycanda səfərdə olan Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüş çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında SOCAR və “Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu”, həmçinin “SOCAR və “Srbijagas” şirkətləri arasında qaz satışına dair Müqavilə” imzalanıb.

Energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, imzalanan strateji əhəmiyyətli sənədlərlə Azərbaycandan Serbiyaya ilk dəfə qaz tədarükü də daxil olmaqla qaz sahəsində çoxşaxəli əməkdaşlığın əsası qoyulur.

“Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşıdır. Serbiyaya illik 400 milyon kubmetrə qədər qazın tədarükü nəticəsində Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatacaq. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı missiyasının genişlənməsinin və enerji təhlükəsizliyində rolunun getdikcə artmasının bariz göstəricisidir. Bugünkü razılaşmalarımız qaz tədarükü ilə bağlı tərəfdaşlığımızın uzunmüddətli və Azərbaycanın Serbiyanın enerji təhlükəsizliyinə töhfələrinin davamlı olmasına da zəmin yaradır”, - nazir qeyd edib.