Özəl sektorun iqtisadiyyatda payının 88 faizə çatdırılması hədəflənir

2023.11.15 12:21 (UTC+04:00)

Azərbaycanın Milli Prioritetlərində və “2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatındakı mövqeyi gücləndirmək və yüksək gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda deyib.

Nazir deyib ki, strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 faiz, qeyri-neft qaz ÜDM-nin isə illik orta hesabla 5 faiz artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88 faizə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft-qaz ixracının həcminin 85 faiz artırılması hədəflənir.

"Ümumiyyətlə, dayanıqlı inkişafa nail olunmasında bütün maraqlı tərəflərlə səmərəli əməkdaşlığın və investisiyaların rolu vacibdir. Bu baxımdan bugünkü forum çərçivəsində istər dövlət, istər qeyri-hökumət təşkilatları, investorlar və beynəlxalq təşkilatlarla aparılacaq müzakirələrin və qurulan əməkdaşlıqların ölkəmizdə “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliy"in icrasına öz müsbət töhfəsini verəcəyinə inanıram", - deyə nazir qeyd edib.