Azərbaycan DİM-lərin icrasına böyük önəm verir. Azərbaycan hökumətinin qlobal çağırışları nəzərə alaraq təsdiq etdiyi 2030-cu ilədək 5 milli prioriteti və 2022‒2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası DİM-lərə sıx inteqrasiya olunub. Bu amil “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” üzrə götürdüyümüz öhdəliklərin icrasının sürətləndirilməsinə xidmət edir.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 15-də Bakıda keçirilən Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda deyib.
Nazir bildirib ki, Azərbaycan regionda ilk olaraq DİM-lərin icrası istiqamətində görülmüş işlərin yekunu kimi BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Könüllü Milli Hesabat təqdim edib. Növbəti hesabatın 2024-cü ildə təqdim edilməsi planlaşdırılır. Artıq bu istiqamətdə işlər görülür.
"Bu il ölkəmizdə ilk dəfə olaraq, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə dövlət xərclərinin DİM-lər ilə əlaqələndirilməsi üzrə metodologiya hazırlanıb. Büdcə xərc maddələrinin DİM hədəfləri ilə ilkin əlaqələndirilməsi göstərir ki, 2022-ci ildə icmal büdcənin ümumilikdə 80 faizdən çoxu DİM hədəfləri ilə əlaqəlidir. Bu rəqəm 2022-ci il üzrə ümumi daxili məhsulun təxminən 23 faizinə bərabərdir", - deyə M.Cabbarov qeyd edib.
Nazir diqqətə çatdırıb ki, DİM-lərin icrasına dövlət sektoru ilə yanaşı, özəl sektorun cəlb edilməsi olduqca vacibdir. Bu məqsədlə BMT-nin İnkişaf Proqramının ölkə nümayəndəliyinin dəstəyi ilə beynəlxalq və yerli investorlar, həmçinin təsir yaratmaq potensialı olan müəssisə və startaplar üçün bir sıra tədbirlər görülüb. DİM-lərə investisiyanın cəlb edilməsinə dair DİM İnvestisiya Xəritəsi (SDG Investment Map) və İnvestisiya Ekosisteminin Tədqiqatı təşəbbüsləri icra olunub.