Hazırda Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı 683 mindən çoxdur. Özəl bölmənin Ümumi Daxili Məhsulda (ÜDM) payı 86,5 faiz, məşğulluqda payı isə 78 faizdən artıqdır.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda deyib.
Nazirin sözlərinə görə, güclü özəl sektor rəqabətqabiliyyətli layihələrin icrasına, eləcə də yeni müəssisələrin və iş yerlərinin yaradılmasına öz töhfəsini verir ki, bu da DİM hədəfləri arasında çox önəmli istiqamətlərdəndir.
“Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində görülən işlər də DİM-lərə nail olunması baxımından əhəmiyyətli mexanizmlərdən biri kimi qiymətləndirilə bilər. Bu məqsədlə ölkəmizdə ötən il dekabrın 9-da dövlət-özəl tərəfdaşlığı haqqında qanun qəbul edilib. Qlobal çağırışlar fonunda ölkə iqtisadiyyatında bir çox ölkələrlə müqayisədə müsbət nəticələrə nail olunması məhz möhkəm təməllərə əsaslanan milli iqtisadi inkişaf modeli ilə şərtlənir. Son 20 il ərzində (2003-2022) Azərbaycanda ÜDM 4 dəfə, adambaşına düşən ÜDM isə 3,2 dəfə artıb. Ölkədə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sektorunun inkişafı, xüsusilə uğurlu sənayeləşmə siyasəti, sahibkarlığın inkişafı iqtisadiyyatın davamlı və dayanıqlı inkişafına öz töhfəsini verməkdədir. Ölkəmizdə iqtisadiyyatın inkişafına, ixrac potensialının artırılmasına, rəqabətqabiliyyətli məhsul istehsalına töhfə verən sənaye parkları fəaliyyət göstərir ki, son illər onların sırasına işğaldan azad edilmiş bölgələrimizdə fəaliyyət göstərən Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” da qoşulub", - deyə M.Cabbarov qeyd edib.