Azərbaycan noyabrın 5-dən 10-dək Şanxayda keçirilmiş 6-cı Çin Beynəlxalq İdxal Sərgisində (China International Import Expo – CIIE 2023) iki stendlə təmsil olunub.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) verilən məlumata görə, Azərbaycan bu il İqtisadiyyat Nazirliyi və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə sözügedən sərgidə vahid ölkə və kommersiya stendləri ilə çıxış edib.
Birinci stenddə turizm, innovasiya, “yaşıl” enerji, sənaye, kənd təsərrüfatı, mədəniyyət, xalçaçılıq kimi sahələrdə əldə olunmuş nailiyyətlər, perspektivlər, həmçinin, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən potensial investisiya layihələri nümayiş olunub.
“Made in Azerbaijan” stendində isə sərgi ziyarətçilərinə Azərbaycan şirkətlərinin istehsal etdikləri şərab, brendi və alkoqollu və alkoqolsuz içkilər, qənnadı məmulatları, fındıq, nar şirəsi, konservlər və digər məhsullar nümayiş olunub. Sərgidə stendin ziyarətçilərinə Azərbaycan məhsullarına dair kataloqlar təqdim edilib, məhsulların dequstasiyası keçirilib. Stenddə B2B görüşlər üçün ayrılmış xüsusi yerlərdə Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, məhsul ixracına dair müzakirələr aparıblar.
Eyni zamanda, stenddə AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunub, ziyarətçilərə sahibkarlara göstərilən dəstək, Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühiti barədə müvafiq məlumatlar təqdim edilib.
Bundan başqa, Şanxayda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi dövlət rəsmilərindən ibarət Azərbaycan nümayəndə heyəti ölkə stendi ilə tanış olub. Sərgi çərçivəsində KOBİA və Çin-ŞƏT Yerli İqtisadi və Ticarət Əməkdaşlıq Nümayiş Ərazisi (SCODA) arasında Anlaşma Memorandumu imzalanıb.