Bakıda növbəti Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilir

2023.11.15 10:55 (UTC+04:00)

Bakıda növbəti Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu (SME World Forum-2023) keçirilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilən tədbirin məqsədi KOB-ların dəstəklənməsi və inkişafı sahəsində ən yaxşı təcrübənin öyrənilməsi, institusional tərəfdaşlığın genişləndirilməsi, maraqlı tərəflər arasında əməkdaşlıq üçün yeni imkanların müəyyən edilməsi, gənc sahibkarlığın təşviqi, eləcə də Azərbaycanın əlverişli biznes mühitini və potensial investisiya imkanlarını geniş auditoriyaya tanıtmaqdır.

16 noyabr tarixinədək davam edəcək forum çərçivəsində bir sıra silsilə tədbirlər təşkil olunacaq.

SME World Forum-2023 çərçivəsində ilk tədbir noyabrın 14-də “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”ndə keçirilib. "Gələcək sahibkarların hazırlanması” adlı tədbirdə KOBİA, Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB), “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”nin nümayəndələri, 6 və 9-cu sinif şagirdləri və sahibkarlar iştirak ediblər.

Şagirdlərə sahibkarlığın ilkin sirlərini öyrətmək məqsədilə təşkil olunan tədbir yenilikçi təhsil tədbirlərindən hesab olunur. Gələcəyin biznes liderlərinin hazırlanması üçün vacib elementləri özündə birləşdirən tədbir çərçivəsində ICSB ekspertləri tərəfindən şagirdlərə sahibkarlığın əsas anlayışları, o cümlədən marketinq, qiymət və müştərilərlə davranış barədə zəruri məlumatlar verilib. Sahibkarlıq fəaliyyətinin simulyasiya edildiyi tədbirdə şagirdlər şərti pullardan istifadə etməklə ticarət əməliyyatları aparıb, real işgüzar münasibətlərin qurulması və maliyyənin idarə edilməsini təcrübədən keçiriblər.