Tikintinin yarımçıq qalmasına görə inşaat şirkətlərinin məsuliyyət sığortası

2019.06.24 19:09 (UTC+04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta nəzarəti departamentinin direktoru Firdovsi Ağaşirinov bildirib ki, bu sığorta növünün icbari olması son vaxtlar inşaat sektorunda baş verən və tez-tez təkrarlanan hadisələrlə bağlıdır. Qeyd edilib ki, icbari sığortada məsələnin sosial tərəfi böyük əhəmiyyət daşıyır: "Bunu daşınmaz əmlakların sığortasında daha aydın görmək olar. Məsələn, daşınmaz əmlakını 30-40 manata sığorta etdirən vətəndaşlar risklərdən qorunmaq üçün böyük təminatlar ala bilir. Amma onların əhatə etdiyi riskləri könüllüyə çevirsək, 3-4 dəfə artıq ödəniş etmək lazım olardı".

Yeni icbari sığorta xidmətləri vətəndaşlarla yanaşı, tikinti şirkətlərinin də risklərinin sığortalanmasını nəzərdə tutur. Departament direktoru vurğulayıb ki, bəzən tikintilərdən avtomobillərin və ya şəxslərin üzərinə hansısa əşyalar düşür və belə hallarda inşaat şirkətləri böyük risklərlə üzləşir. Buraya inşaatın tamamlanmaması, binanın tikintisinin yarımçıq qalması riskləri də daxil ola bilər: "Bu cür hallar mütləq sığortalanmalı və təminat altına alınmalıdır".