Bu ilin iyun-noyabr ayları ərzində Azərbaycan Belarusun taxta materiallarının ixrac bazarları arasında ilk üçlüyə daxil olub.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə Belarus mətbuatı Belarus Universal Əmtəə Birjasına istinadən yazır.
Bildirilir ki, ünvanlı birja əməliyyatları üzrə ixrac bazarlarına Çin başçılıq edir: iyun-noyabr aylarında bu ölkəyə 174 min kubmetrdən çox taxta materialları satılıb. Ən böyük alıcıların üçlüyünə Azərbaycan və Sinqapur daxil olub. Bu ölkələrə hesabat dövründə müvafiq olaraq 19 min və 13 min kubmetr taxta materiallar tədarük edilib.
Ümumilikdə birja üzərindən Belarus ağac materialları ünvanlı birja əməliyyatları vasitəsilə 8 ölkəyə (Çin, Azərbaycan, Sinqapur, Türkiyə, Özbəkistan, Gürcüstan, Rusiya və Ermənistan) ixrac edilir. Bu növ əməliyyatlar vasitəsilə Belarusun bütün ağac emalı məhsullarının beşdə biri (229 min kubmetri) xarici bazarlara göndərilir.