Son aylarda qlobal ərzaq bazarlarında qiymətlərin, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın nisbətən səngiməyə başlaması, antiinflyasiya tədbirlərinin həyata keçirilməsi inflyasiyanın tədricən yavaşlamasına imkan verib. Nəticədə 2023-cü ilin doqquz ayında inflyasiya 10,9 faiz təşkil edib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında deyib.
Nazir bildirib ki, iqtisadi artımın davam etməsi və şəffaflaşma şəraitində cari ilin 10 ayında dövlət büdcəsinə 14,6 milyard manat vergi daxilolmaları təmin edilib, proqnozdan əlavə 1,1 milyard manata yaxın vergi toplanıb. Qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəsinə 8,4 milyard manat vergi daxilolmaları təmin edilib, proqnozdan əlavə 550 milyon manat vergi toplanıb. Sektor üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 19 faizdən çox artıb.
“Cari ilin doqquz ayında dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz gəlirlərinin xüsusi çəkisi 59,5 faiz təşkil edib. Cari ilin 10 ayında qeyri-neft sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları 23 faizədək artıb, özəl bölmənin qeyri-neft-qaz vergi daxilolmalarında payı 76 faizi ötüb. Cari ildə əldə olunmuş bu fiskal nəticələr Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulmuş transferlərin həcminə qənaət etməyə imkan verir ki, bu da Fondun aktivlərinin proqnozdan daha yüksək artımını təmin edir”, - deyə Mikayıl Cabbarov əlavə edib.