Polşa ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Polşa tərəfi ilə əməkdaşlıq istiqamətləri nazir Məcnun Məmmədovun bu ölkəyə səfəri zamanı Polşanın kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Robert Telus ilə görüşü zamanı müzakirə olunub. Görüşdə aqrar sahədə elmi tədqiqatlar, təhsil, mütəxəssis hazırlığı, torpaqların konsolidasiyası, aqrar innovasiyalar, kənd təsərrüfatının rəqəmsallaşdırılması və digər mövzularda müzakirələr aparılıb.
Nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Makedoniya Respublikasına səfər çərçivəsində bu ölkənin kənd təsərrüfatı, meşə və su ehtiyatları naziri Lyubço Nikolovski ilə də görüşüb. Tərəflər ölkələr arasında aqrar sahədə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşün sonunda Azərbaycanla Şimali Makedoniya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq memorandumu imzalanıb. Memorandum iki ölkə arasında aqrar sahəyə dair birgə işçi qrupunun yaradılmasını, bitkiçilik, heyvandarlıq, aqrar təhsil, mütəxəssis hazırlığı, torpaqların konsolidasiyası və digər sahələrdə əməkdaşlığı genişləndirməyi nəzərdə tutur.