"KOB klaster şirkəti"nin meyarları təsdiq edilib

2019.06.24 15:37 (UTC+04:00)

Meyarlara əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna edilməklə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınan vergi ödəyiciləri "KOB klaster şirkəti" kimi fəaliyyət göstərə bilərlər. Belə şirkətlər həyata keçiriləcək KOB klaster layihəsinin çərçivəsində "KOB klaster şirkəti"nin qarşılıqlı asılı olmayan azı 10 mikro, kiçik və orta sahibkarlıq subyekti ilə təsərrüfat əqdlərini bağlaması və klaster üzrə hazırlanan məhsulun xammal və materialının dəyərinin 50 faizinin klaster iştirakçılarından təchiz olunmasını təmin etməlidirlər. Həmin şirkətlərin nizamnaməsində əhəmiyyətli qərarların Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə razılaşdırmaqla yerinə yetirməli olduğu əskini tapmalıdır.

"KOB klaster şirkəti"nin fəaliyyət sahəsi aşağıdakı 3 istiqamətdən birinə uyğun olmalıdır:

1. Azərbaycan Respublikasında istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsul yaradılması;
2. İstehlakın 50 faizdən artıq hissəsinin idxal hesabına ödənilən məhsulun yaradılması;
3. Qonaqlama və yerləşdirmə xidmətlərinin (mehmanxana, motel, kempinq və s.) göstərilməsi.

Meyarlarda "KOB klaster şirkəti"nin həyata keçirəcəyi layihə üzrə investisiyanın minimum həcmi də müəyyən edilib. Bakı şəhərində (Bakıətrafı qəsəbələr istisna olmaqla) fəaliyyət göstərən şirkətlər üçün bu məbləğ 5 milyon manat, Bakıətrafı qəsəbələr və Abşeron rayonu üçün 3 milyon manat, Sumqayıt və Gəncə şəhərləri üçün 2,5 milyon manat, digər şəhər və rayonlar üzrə 1,5 milyon manat nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikası, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən və Qusar rayonları üzrə bu məbləğ 0,5 milyon manat olacaq. Həmin regionlarda "KOB klaster şirkəti" statusunu almaq üçün şirkətlərdən fəaliyyət sahələrinə dair tələblər üzrə nəzərdə tutulan meyarlara cavab vermələri tələb olunmur.

"KOB klaster şirkəti"nə dair tələblərə əsasən, onların layihə çərçivəsində illik dövriyyəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən qəbul edilən maliyyə-iqtisadi əsaslandırma üzrə nəzərdə tutulan investisiya həcminin 20 faizindən az olmamaqla müəyyən ediləcək. Əməliyyatların tam həcmdə qanunla müəyyən olunmuş qaydada sənədləşdirilməsi (elektron qaimə-faktura, elektron vergi hesab-fakturası, yük gömrük sənədləri, ciddi hesabat sənədi olan alış aktları) təmin edilməlidir. "KOB klaster şirkəti" əməliyyatlar üzrə hesablaşmaların nağdsız qaydada aparılmasına üstünlük verməlidir. Tələblərə görə, vergidən yayınma üzrə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər həmin şirkətlərdə rəhbər və təsisçi ola bilməzlər.

Meyarlara görə, "KOB klaster şirkəti" maliyyə-iqtisadi əsaslandırma üzrə fəaliyyətə başladığı barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə və Vergilər Nazirliyinə 3 gün müddətində məlumat verməlidir. "KOB klaster şirkəti" fəaliyyətə başladığı vaxtdan hər təqvim ili başa çatdıqdan sonra 3 ay müddətində meyarların tələblərinin tam həcmdə yerinə yetirilməsi vəziyyəti barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə və vergi orqanına arayış təqdim etməlidir.

"KOB klaster şirkəti"nin həyata keçirəcəyi layihə üzrə nəzərdə tutulan investisiyanın obyekti kimi əvvəllər sahibkarlıq fəaliyyətində istifadə edilmiş aktivlər, o cümlədən əsas vəsaitlər çıxış etmir və həmin aktivlərin dəyəri "KOB klaster şirkəti"nin həyata keçirəcəyi layihə üzrə investisiyanın həcminə daxil edilmir. Meyarlarla müəyyən olunmuş investisiya qoyuluşu çərçivəsində gömrük qanunvericiliyinə uyğun olaraq idxal gömrük sənədləri əsasında əldə edilmiş aktivlər və ya Vergi Məcəlləsinə uyğun olaraq elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası əsasında əldə edilmiş aktivlər çıxış edə bilər.

"KOB klaster şirkəti"nin bu meyarlara cavab verməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən Vergilər Nazirliyi ilə razılaşdırılmaqla təqdim olunmuş şəhadətnamə ilə təsdiq edilir.