Kənd təsərrüfatı sahəsində vergi azadolmaları

2019.06.29 16:25 (UTC+04:00)

Sərbəst auditor Altay Cəfərov bildirib ki, bir çox hallarda belə azadolmaların praktikada tətbiqi zamanı müəyyən çətinliklər və ya mübahisələr yaranır. Yuxarıda göstərilən maddənin tətbiqi zamanı onun hansı kənd təsərrüfatı texnikalarına şamil edilməsi - idxal olunub satılanda və ya sonradan alınıb-satılanda güzəşt tətbiqi, eləcə də yerli rezidentlərlə, avadanlıqları istehsal edənlərlə bağlı müxtəlif suallar meydana gəlir: "Nəzərə almaq zəruridir ki, bu maddə ancaq ƏDV ilə bağlıdır. Maddəyə nəzər yetirdikdə görünür ki, orada olan əməliyyatlar ancaq bilavasitə (birbaşa) kənd təsərrüfatı təyinatlı avadanlığa, texnikaya və s. aiddir.

Yəni texnika, avadanlıq ümumi təyinatlıdırsa, bu maddə onlara tətbiq edilmir. Misal üçün, taxıldaşıyan yük maşınını bura aid etmək olmaz. Bu texnika kənd təsərrüfatı məqsədləri üçün istifadə olunmasına baxmayaraq ümumi təyinatlıdır, bilavasitə kənd təsərrüfatı təyinatlı deyildir. Bilavasitə (birbaşa) kənd təsərrüfatı təyinatlı texnikaya kombayn, traktor, kotan və s. aid edə bilərik.

Bu cür avadanlıq və texnikaların idxalı ƏDV-dən azaddır və sonradan satış zamanı da ƏDV-dən azad olunacaqdır. Məsələn, 10.000 manatlıq avadanlıq idxal olunubsa və sonradan 15.000 manata satılıbsa, hər iki əməliyyat: idxal edən zaman gömrük prosesi və sonradan satış prosesi ƏDV-dən azaddır. İkinci addım kimi avadanlığı 15.000 manata alan vergi ödəyicisi yenidən onu 20.000 manata satırsa, bu əməliyyatda da 20.000 manat ƏDV-dən azad hesab olunur".

A.Cəfərov qeyd edib ki, növbəti əməliyyat belə texnikaların, avadanlıqların yerli rezidentlər tərəfindən istehsal edilib satılması ilə bağlıdır və burada da analoji suallar meydana gəlir: "Tutaq ki, yerli rezident maya dəyəri 2.000 manat olan kotan istehsal edib və bunu 2.500 manata satmaq istəyir. Məsələyə həm məntiqlə, həm də mahiyyət etibarilə yanaşaq: İdxal üzrə əməliyyatlarda valyuta ölkədən kənara axır, amma yerli istehsalda valyuta ölkədə qalır, məhsul ixrac olunduqda isə ölkəyə yeni valyuta daxil olur. İstehsalat fəaliyyətində istehsal olunan məhsul sonradan satılmaq üçün nəzərdə tutulur. Vergi Məcəlləsinin 164.1.34.-cü maddəsində "istehsal" sözü və ya anlayışı olmasa da, "satış" ifadəsi artıq maddə üzrə müəyyənləşmiş avadanlıq və texnikaların istehsal edilib satılması kimi qiymətləndirilir. Odur ki, sahibkar istehsal etdiyi kotanı 2.500 manata satırsa, bu əməliyyat da ƏDV-dən azad olunan əməliyyatlara aid edilir".

A.Cəfərov vurğulayıb ki, 164.1.34.-cü maddədəki "idxal" və "satış" ifadələri birbaşa bir-biri ilə bağlı deyildir. Bu maddədə əməliyyatları idxal edilib satılan, alınıb satılan, istehsal edilib satılan kimi təsnif etmək olar.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI