Zəngilan əhəmiyyətli regional logistik mərkəzə çevriləcək

2023.11.06 17:29 (UTC+04:00)

Zəngilan şəhərinin Baş planı aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, Zəngilanın Baş planının hazırlanması üçün nüfuzlu beynəlxalq şəhərsalma təşkilatı – İsveçrənin “sa_partners” şirkəti və Bakı Dövlət Layihə İnstitutu əməkdaşlığa cəlb edilib.

Baş planın konsepsiyasına əsasən, Zəngilan logistika, turizm və ticarət, bərpa olunan enerji, müasir innovasiyalar mərkəzi kimi inkişaf etdiriləcək. Şəhərin beynəlxalq əhəmiyyəti nəqliyyat dəhlizinin üzərində yerləşməsi onun strateji məntəqə rolunu gücləndirəcək, sürətli inkişafına töhfə verəcək. Şəhərin bilavasitə yaxınlığında ən müasir dünya standartlarına uyğun inşa edilərək artıq istismara verilmiş Zəngilan Beynəlxalq Hava Limanı, inşası davam edən magistral dəmir və avtomobil yolları onu əhəmiyyətli regional logistik mərkəzə çevirəcək.

Eyni zamanda, şəhər gözəl iqlimi, mənzərəli landşaftı, yaşıl çayətrafı bulvarı və digər ictimai məkanları, habelə “ağıllı şəhər”, “ağıllı mobillik” və “yaşıl enerji” yanaşmaları, zövqlü memarlığı, rahat şəhər mühiti və müasir sosial infrastrukturu sayəsində yüksək həyat keyfiyyəti ilə seçiləcək.