Yaşıl texnologiyaların tətbiqi üzrə pilot layihələrin icrası müzakirə olunub

2023.11.04 16:00 (UTC+04:00)

Regionda bərpa olunan enerji mənbələrinin potensialını və enerji səmərəliliyi həllərini təbliğ edəcək Yaşıl Enerji Zonası Nümayiş Pavilyonunun yaradılması və yaşıl texnologiyaların tətbiqi üzrə pilot layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Energetika Nazirliyindən verilən məlumata görə, qeyd olunan məsələyə işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun 4-cü iclası zamanı toxunulub.

Ekoloji cəhətdən təmiz texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqin İcra Qrafikinə uyğun olaraq davam etdirilməsi və mütəmadi olaraq İşçi Qrupun iclaslarında məruzə edilməsi qərara alınıb.

İşçi Qrupuna daxil olan dövlət qurumlarının, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, digər dövlət müəssisəsi və Yaponiyanın “TEPSCO” şirkətinin nümayəndələrinin iştirakı ilə keçirilmiş iclas qərar layihəsinin qəbulu ilə yekunlaşıb.