Bu ilin yanvar-sentyabr aylarında Mingəçevir Sənaye Parkında 54,3 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 21,5 faiz və ya 9,6 milyon manat üstələyir.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) verilən məlumata görə, hesabat dövründə istehsal edilən məhsulun 80 faizdən çox hissəsi ixracın payına düşüb. Məhsullar daxili bazarla yanaşı, “Made in Azerbaijan” brendi ilə Türkiyə, Ukrayna, Rusiya, Portuqaliya, Polşa, Pakistan və digər ölkələrə ixrac olunub.
Ümumilikdə isə bu günədək Mingəçevir Sənaye Parkında 268 milyon manatlıq məhsul istehsal edilib. Məhsulun 231 milyon manatlıq hissəsi ixrac edilib. Sənaye Parkına 159 milyon manat investisiya yatırılıb, 500-dən çox daimi iş yeri yaradılıb.
Qeyd edək ki, 26 hektar ərazini əhatə edən Sənaye Parkının əsas fəaliyyət istiqaməti tekstil və yüngül sənayenin inkişaf etdirilməsidir. Hazırda Parkın 1 rezidenti ("Mingəçevir Tekstil" MMC) var. Fabrikdə Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında "Ring" və "Open End" üsulu ilə iplik istehsal edilir.