Telekommunikasiya sahəsinə yatırılan xarici investisiyaların həcmi 2 dəfə artıb

2023.11.04 12:11 (UTC+04:00)

Bütün telekommunikasiya xidmətlərindən əldə olunan gəlirlər son 5 il ərzində hər il mütəmadi olaraq artaraq, 2022-ci ilin sonuna 1 340,4 milyon manata çatıb.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə “Azərbaycanda Rəqəmsal İnkişaf. Faktlar. Təhlillər. Rəqəmlər” adlı statistik göstəricilər toplusunda bildirilir.

Hesabatda gəlirlərin əsasən sabit telefon xidmətləri və mobil şəbəkədən əldə olunan gəlirlər hesabına formalaşdığı qeyd olunur.

Hər iki xidmət üzrə gəlir göstəricilərinə gəldikdə, sabit telefon xidmətləri üzrə gəlirlər 2022-ci ildə 10,3 faiz artaraq 296,2 milyon manat, mobil şəbəkələrdən əldə olunan gəlirlər isə 6,4 faiz artaraq 1 044,2 milyon manat təşkil edib.

Ötən il mobil rabitə xidmətlərinə 147,5 milyon manat investisiya yatırılıb ki, bu da sabit telefon və rabitə xidmətlərinə ayrılan investisiyalardan 1,8 dəfə çoxdur. 2022-ci ildə telekommunikasiya sektoruna qoyulan ümumi investisiyaların həcmi 400,0 milyon manat təşkil edib. Telekommunikasiya sahəsinə yatırılan xarici investisiyaların həcmi isə 2021-ci illə müqayisədə 2022-ci ildə 2 dəfə artaraq 38,7 milyon manat olub.