- Janetta xanım, Siz Bakıda keçirilən III Milli Mühasiblər Forumunun fəxri qonağı idiniz. Forum haqqında təəssüratlarınızı bilmək istərdik…
- Forum çox maraqlı keçdi, fərqli və səmərəli mövzular qaldırıldı. Azərbaycanın Maliyyə, İqtisadiyyat və Vergilər nazirliklərinin nümayəndələrinin də iştirakı tədbirin yüksək səviyyədə hazırlanmasından və keçirilməsindən xəbər verirdi. Bu, çox sevindirici haldır. Forumda iqtisadi profilli ali məktəblərin müəllimlərinin, sərbəst treninq mərkəzlərinin təlimçilərinin, mühasiblərin və müxtəlif müəssisələrin nümayəndələrinin iştirak etmələri diskussiyanın daha maraqlı keçməsinə səbəb oldu.
- Siz çox populyar beynəlxalq qurum olan ACCA-nı təmsil edirsiniz. Fəaliyyətiniz haqqında nə deyə bilərsiniz?
- Bu professional qurum 114 il əvvəl Böyük Britaniyada yaradılıb. ACCA ixtisaslaşmış mühasiblər, auditorlar, BMHS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) və yüksək vəzifəli menecerlər arasında ən populyar seçimdir. ACCA proqramı mühasibat uçotunun daha dərindən öyrənilməsini və BMHS, vergi tutulması, hüquq və audit üzrə mühasibat uçotunun hazırlanmasını təklif edir. ACCA artıq dünyanın əksər ölkələrində rəğbət qazanıb. Onun imtahanlarını dünyada öndə gedən beynəlxalq şirkətlər tanıyır və bu imtahanların nəticələri işə qəbul zamanı yüksək qiymətləndirilir. Universitetdə oxumaqla yanaşı, bu imtahanların verilməsi karyerada yüksəlişlər vəd edir.
- ACCA səviyyəsində imtahanlarda iştirak etmək üçün nə etmək lazımdır?
- Dünyanın 180 ölkəsində ACCA-nın imtahan mərkəzləri yaradılıb. Bizim saytımızda onlayn müraciət üçün qeydiyyatdan keçmək imkanı da var. ACCA imtahanları üzrə qeydiyyatdan keçmək üçün orta ixtisas təhsili barədə diploma sahib olmaq və ya universitetin 1-ci kursunu bitirmək kifayətdir. ACCA üzvlüyünə daxil olmaq üçün isə 14 imtahan verməli və maliyyə sahəsində 3 illik təcrübəyə malik olduğunuzu sübut etməlisiniz.
Mühasib və biznes kateqoriyasında idarəetmə uçotu, maliyyə uçotu, korporativ hüquq, səmərəliliyin idarə edilməsi, vergilər, maliyyə hesabatları, audit və onu müşayiət edən xidmətlər, maliyyə menecmenti kimi fənlərdən imtahan verilməlidir. Peşəkar mühasib kateqoriyasını seçənlər isə korporativ hesabat, biznesin təhlili, maliyyə menecmenti, səmərəliliyin idarə edilməsi, vergilər, audit və onu müşayiət edən xidmətlərdən imtahan olunurlar. Bakıda bir imtahan mərkəzimiz var və burada peşəkarlar səviyyəsində imtahan götürülür. Bundan başqa, Azərbaycanın paytaxtında 3 sertifikat mərkəzimiz də yaradılıb.
Qeyd edim ki, beynəlxalq peşəkar kvalifikasiya diplomunu əldə etmək üçün keçirilən imtahanlar kifayət qədər çətindir. İmtahanları müstəqil təşkilatlar hazırlayır və yoxlayır. Məhz bu xüsusiyyətlər – hazırlıq mərhələsinə sərt tələblər və namizədlərin müstəqil qiymətləndirilməsi beynəlxalq peşəkar kvalifikasiyaları qiymətə mindirir və bütün dünyada onlara tələb yaradır.
- Mühasibat uçotunun yaxşılaşdırılmasında təhsilin keyfiyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Postsovet məkanında mühasibat uçotu ilə bağlı təhsilin keyfiyyəti o qədər də yaxşı olmayıb. Məhz buna görə də ACCA-nın beynəlxalq sertifikatı bütün dünyada tanınıb. Bundan əlavə, həmin sertifikata layiq görülən mütəxəssis iş dünyasında karyera baxımından yüksək qiymətləndirilir. İndi ACCA proqramların modulizasiyası üçün bir çox ali məktəblərlə birlikdə işləyir. ACCA proqramlarına tam açıq və ödənişsiz giriş mümkündür. İstənilən ali məktəb ondan istifadə edə və imtahanlarda hansı təhsil proqramı və mövzuların, səlahiyyətlərin yerləşdirildiyini öyrənə bilər.
- Uçot-maliyyə məsələlərinin vergi sisteminə təsiri ilə bağlı nə deyə bilərsiniz?
- Biznes maliyyədən asılıdır. İdeya yaranan kimi gəlir və çıxarların uçotu məsələləri ortaya çıxır ki, bu da sırf maliyyə ilə bağlıdır. Uğurlu biznes düzgün hesablanmış biznesdir və onu düzgün hesablamaq yalnız bütün görünən və görünməyən gəlirləri bilən və bu gəlirləri cəlb etmək yollarını araşdıran peşəkarın işidir. Vergi ilə uçot-maliyyə sistemi arasındakı əlaqə də bundan ibarətdir.
Bu gün keçmiş sovet məkanı ölkələrində vergi, mühasibat və audit sistemləri üzrə bir çox islahatlar aparılır. Eşitdiyimə görə, bu dəyişikliklər sizə də gəlib çatıb və Vergilər Nazirliyi Vergi Məcəlləsində dəyişikliklər etməklə şəffaf vergi sisteminin yaradılmasına start verib. Ölkələrdə "kölgə iqtisadiyyatı" ilə bağlı araşdırma və monitorinqlər aparılır. Mən bilirəm ki, MDB ölkələri bu siyahılarda heç də yaxşı yerlərdə deyil. Buna görə də "kölgə iqtisadiyyatı" ilə mübarizəyə xüsusi diqqət yetirilir. Bu isə həmişə ölkə iqtisadiyyatının gücləndirilməsinə və inkişafına gətirib çıxarır.
Fəxriyyə İKRAMQIZI