“Çin, Rusiya, Avropa İttifaqı və Türkiyə də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır, çünki regionda kommunikasiyaların işə salınması bütün iştirakçı ölkələrin iqtisadiyyatına müsbət təsir göstərəcək. Bu dövlətlər etimad mühiti çərçivəsində yeni nəqliyyat dəhlizinin açılması üçün öz səylərini birləşdirməyə çalışırlar. Zəngəzur dəhlizi məsafələrin azaldılması, əlverişli iqlim şəraiti və daşınan yüklərin təhlükəsizliyi baxımından mühüm layihə hesab edilir. Bu layihə türk dünyasını, Avropanı və region dövlətlərini birləşdirəcək”, - E.Aksoy bildirib.
Çin, Rusiya, Avropa İttifaqı və Türkiyə də Zəngəzur
dəhlizinin açılmasında maraqlıdır, çünki regionda
kommunikasiyaların işə salınması bütün iştirakçı
ölkələrin iqtisadiyyatına müsbət təsir göstərəcək
Ekspertin fikrincə, dəhlizin açılması təkcə adıçəkilən aktorlar deyil, həm də Pekin-London xəttində yerləşən bütün ölkələr, o cümlədən region dövlətləri üçün çox önəmli layihədir: “Bütün dünyanın diqqət mərkəzində olan Zəngəzur dəhlizi Şərqlə Qərbi birləşdirən dəmir yolu və nəqliyyat xətlərində hərəkətin fasiləsizliyinə imkan verəcək, bir çox inkişaf etmiş və inkişafda olan dövlətlərə, hətta zəif inkişaf etmiş Afrika ölkələrinə də iqtisadi və siyasi faydalar gətirəcək”. E.Aksoyun sözlərinə görə, Zəngəzur dəhlizi vasitəsilə Asiya və Avropadan daşınan mallar Türkiyəyə çatdıqdan sonra dünyanın əksər ölkələrinə paylana biləcək. Beləliklə də bu strateji marşrutun bərpası dünyanın bir çox ölkələri arasında ticarət, logistika və siyasi əlaqələrin qurulmasına müstəsna töhfə verəcək: “Zəngəzur dəhlizi ilə bağlı öhdəliklər 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatda da qeyd olunub. Bu bəyanatda region dövlətləri arasında 30 il əvvəl mövcud olan kommunikasiyaların bərpası vurğulanır ki, bu da bütün regionun təhlükəsiz inkişafının əsas elementlərindən biridir”.
Ekspert əlavə edib ki, Zəngəzur dəhlizinin açılmasının yaratdığı səmərələr bölgəni sülh adasına çevirəcək: “Beləliklə, Qafqaz regionunun nüfuzu dünyada daha da artacaq. Siyasi sabitlik iqtisadi sıçrayışın açarı olduğundan, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması regionu zəngin iqtisadi mərkəzə çevirəcək”.
Tamilla MƏMMƏDOVA