Media nümayəndələri özəlləşdirilməyə yeni açılan müəssisələrdə olublar

2023.11.01 17:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə noyabrın 1-də “Bakı Beton Konstruksiyaları” və “Balaxanı Metal Məmulatları” məhdud məsuliyyətli cəmiyyətlərinə mediatur təşkil edilib. Tədbirin məqsədi media vasitəsilə ictimaiyyətin müəssisələr haqqında məlumatlandırılması, potensial investorların özəlləşdirmə prosesinə cəlb edilməsidir.

Bu müəssisələr Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il tarixli Sərəncamı ilə “Aqrarkredit” Bank olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyətinin özəlləşməyə açılan müəssisələrindəndir.

İlk olaraq “Bakı Beton Konstruksiyaları” MMC ilə tanış olan KİV nümayəndələrinə müəssisənin tarixi, infrastrukturu, istehsal prosesi, özəlləşdirilmə perspektivi barədə məlumat verilib.

Sərəncamın icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəssisənin özəlləşdirməyə hazırlanması istiqamətində işlər görülüb, mövcud qanunvericiliyə uyğun olaraq müəssisədə özəlləşdirmə komissiyası yaradılıb, inventarlaşdırma işləri aparılıb, müstəqil qiymətləndirici şirkətin iştirakı ilə müəssisənin nizamnamə kapitalı müəyyən olunub, yeni hüquqi şəxs - “Bakı Beton Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib. Müəssisənin nizamnamə kapitalı 7.108.200 manat olmaqla, hər biri 100 manat olan 71.082 ədəd paydan ibarətdir.

Müəssisənin illik istehsal gücü 80 min kubmetr beton məmulatları təşkil edir. MMC-də müxtəlif markalı betonla yanaşı, beton və dəmir-beton borular, bardürlar, dəmir-beton konstruksiyalar, su novları, plitələr, bloklar və s. məhsullar istehsal olunur.

Sonra media nümayəndələri “Balaxanı Metal Məmulatları” MMC-də olublar. Müəssisənin nizamnamə kapitalı 4.653.800 manat olmaqla, hər biri 100 manat olan 46.538 ədəd paydan ibarətdir. Burada müxtəlif ölçüdə metal şkaf və rəflər, dolablar, məhəccərlər, elektrik dəmir qutuları, transformator məntəqələri və paylayıcıları, işıq dirəkləri, qapı və darvazalar, dəmir çəpərlər, dam örtükləri və digər mallar istehsal olunur.

Qeyd edək ki, müəssisələrin yenidənqurulması və inkişaf etdirilməsi məqsədilə özəlləşdirilməsi qərara alınıb və bu barədə elan 30 gün əvvəlcədən Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.

Məlumat üçün: “Bakı Beton Konstruksiyaları” MMC 2008-ci ildə dəmir-beton məmulatları zavodu kimi fəaliyyətə başlayıb, 2014-cü ildən isə fəaliyyətini prefabrik zavodu kimi davam etdirib. Avadanlıqlar əsasən Türkiyə istehsalıdır, istifadə olunan xammal və materiallar isə (qum, çınqıl, sement, atsep, armatur və s.) yerli bazardan alınır. Hazırda müəssisədə 50 nəfərədək işçi çalışır və sifarişlərin həcmindən asılı olaraq əlavə işçilər də cəlb edilə bilər.

“Balaxanı Metal Məmulatları” MMC isə 2007-ci ildə dəmir-beton məmulatları zavodu kimi fəaliyyətə başlayıb. Müəssisənin illik istehsal gücü 1200 ton metal məmulatları təşkil edir. Avadanlıqlar Almaniya, Hollandiya, ABŞ və Türkiyə istehsalıdır. Müəssisədə istehsal prosesində əsasən yerli materiallardan istifadə edilir. Hazırda müəssisədə 60 nəfərə yaxın işçi çalışır.