Manatın nominal effektiv məzənnəsi möhkəmlənib

2023.11.01 15:15 (UTC+04:00)

Daxili valyuta bazarında tarazlığın qorunduğu şəraitdə manatın nominal effektiv məzənnəsi 2023-cü ilin 10 ayında 21,6 faiz möhkəmlənib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Mərkəzi Banka istinadən xəbər verir ki, hökumət tərəfindən görülən işlər, o cümlədən “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamında nəzərdə tutulan tədbirlərin icrası inflyasiyaya azaldıcı təsir göstərməkdədir.

İllik inflyasiyanın dinamikası xarici amillərin və həyata keçirilən antiinflyasiya siyasətinin təsirləri ilə azalıb. Dünya əmtəə, xüsusilə də ərzaq qiymətlərinin davamlı azalması, beynəlxalq daşıma xərclərinin pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşması, ticarət tərəfdaşlarında həyata keçirilən sərt pul siyasəti və nominal effektiv məzənnənin bahalaşması inflyasiya idxalına azaldıcı təsir göstərib.

Dünya Bankının məlumatına əsasən, əmtəə qiymətləri indeksi sentyabrda illik əsasda 19,8 faiz, o cümlədən enerji qiymətləri üzrə 25,6 faiz, qeyri-enerji qiymətləri üzrə 3,9 faiz enib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi sentyabrda illik əsasda 10,7 faiz azalıb.