Beynəlxalq təşkilatların qiymətli kağızlarını tənzimləyən yeni qaydalar qüvvəyə minib

2023.11.01 14:03 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası” (https://u.to/ZMQQIA) təsdiq edilib və 31 oktyabr 2023-cü il tarixindən qüvvəyə minib.

Mərkəzi Bankın məlumatına görə, Qaydalar beynəlxalq maliyyə təşkilatlarının rəyləri nəzərə alınmaqla hazırlanıb və bu təşkilatlar tərəfindən yerli bazarda qiymətli kağız buraxılışları üzrə qeydiyyat prosedurlarını, məlumatların açıqlanması, habelə qiymətli kağızların yerləşdirilməsi və buraxılış şərtlərində dəyişiklik edilməsi kimi tələbləri müəyyən edir.

Qaydaların tətbiqi ilə beynəlxalq təşkilatlar tərəfindən yerli bazarda qiymətli kağız buraxılışının artacağı, Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dəstək olacağı, kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanının təmin ediləcəyi və qiymətli kağızlar bazarında ticarət olunan likvid alətlərin çeşidinin genişlənəcəyi gözlənilir.