Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişaf tempi dünya üzrə orta göstəricini üstələyib

2023.11.01 12:08 (UTC+04:00)

Dünya Bankının məlumatları əsasında aparılan hesablamalara görə, son illərdə Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişaf tempi dünya üzrə orta göstəricidən yuxarı olub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun AZƏRTAC-da dərc edilən məqaləsində bildirilir.

Belə ki, 2003-cü il baza ili olmaqla, 2004-2022-ci illərdə Azərbaycanda aqrar sahədə yaradılan əlavə dəyərin orta illik real artım tempi 3,8 faiz olduğu halda, bu göstərici dünya üzrə 2,9 faiz, Avropa və Mərkəzi Asiya üzrə 1,4 faiz, region ölkələrindən Türkiyədə 2,7 faiz, Gürcüstanda 1,5 faiz, Rusiyada 1,8 faiz, İranda 2,8 faiz olub.

“İstehsal potensialının artması və qlobal dəyər zəncirinə inteqrasiyanın güclənməsi hesabına 2003-2022-ci illər ərzində kənd təsərrüfatı məhsulları ixracının həcmi 6,9 dəfə artıb. Ölkədə aqrar istehsal üzrə ən yüksək göstərici bitkiçilik sahəsindədir və son illərdə bu göstərici dünya göstəricisindən əhəmiyyətli dərəcədə yuxarıdır. Bunu xüsusilə Azərbaycanın müqayisəli üstünlüklərinin yüksək olduğu və daha çox əlavə dəyərin yaradıldığı meyvəçilik və tərəvəzçilik sahələrinin inkişafı, ümumi istehsalda payının artması şərtləndirir”, - məqalədə qeyd olunur.