Azərbaycan şirkətlərinin BƏƏ-yə ixrac missiyası təşkil olunacaq

2023.11.01 11:21 (UTC+04:00)

2024-cü ildə Azərbaycan şirkətlərinin Birləşmiş Ərəb Əmirliklərinə ixrac missiyası təşkil olunacaq.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) verilən məlumata görə, bu barədə Dubay Beynəlxalq Palatasının nümayəndələri ilə keçirilən görüşdə bildirilib.

Görüşdə tərəflər arasında birgə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, ticarət, investisiya, nəqliyyat-logistika sektorlarında tərəfdaşlığın intensivləşdirilməsi və yeni biznes imkanlarının öyrənilməsi üçün geniş perspektivlər mövcuddur. Növbəti ildə yerli şirkətlərin Dubay şəhərində keçiriləcək "Gulfood 2024” beynəlxalq qida sərgisində vahid ölkə stendi ilə iştirak etməsi nəzərdə tutulur. Bununla yanaşı, BƏƏ şirkətlərindən ibarət nümayəndə heyətinin 2024-cü ildə Azərbaycana işgüzar səfər etməsi planlaşdırılıb.

Görüşdə Dubay şirkətləri ilə üçüncü ölkələrdən Azərbaycana investisiyaların yatırılması istiqamətində birgə işlərin görüləcəyinə dair razılıq əldə olunub.