Rusiya və Azərbaycan enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

2023.11.01 09:33 (UTC+04:00)

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.

Rusiya hökumətinin məlumatına görə, tərəflər iki ölkə arasında neft-qaz, elektrik enerjisi sektorlarında və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

“Rusiyanın ən böyük neft-qaz konsernləri Azərbaycanla işləyir və əməkdaşlığı genişləndirməyə hazırdır. Xüsusilə, Azərbaycanın imkanlarından yararlanaraq, Rusiya karbohidrogenlərinin tranziti və emalı üzrə bir sıra yeni təşəbbüslər var. Məqsədimiz səylərimizi birləşdirməkdir”, - A.Novak qeyd edib.

Danışıqların gündəliyinə Rusiya neft-qaz şirkətlərinin Azərbaycanda yeni hasilat layihələrində iştirakı, ölkədə yanacaq satışı üzrə bizneslərinin genişləndirilməsi, o cümlədən Tixoretsk-Bakı neft kəməri ilə Rusiya neftinin əks tədarükünün artırılması məsələləri daxildir.

Görüşdə idxalın əvəzlənməsi siyasəti çərçivəsində Rusiya və Azərbaycan şirkətləri arasında texnoloji əməkdaşlığın qurulması perspektivləri də müzakirə edilib.