15 ölkə üzrə 200-dən çox xarici qida obyektində qiymətləndirmə aparılıb

2023.10.31 11:29 (UTC+04:00)

Cari il ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 15 ölkə üzrə 224 xarici qida obyektində qiymətləndirmə aparılıb.

Agentlikdən verilən məlumata görə, həmin müəssisələrdən 197-nin təsdiqlənməsi başa çatdırılıb. 20 obyekt uyğunsuzluqların müəyyən olunan müddətdə aradan qaldırılması şərtilə təsdiq edilib. Aşkarlanan uyğunsuzluqlarla əlaqədar qiymətləndirilən 3 müəssisənin təsdiqindən imtina olunub, 4 obyektlə bağlı qiymətləndirmə hesabatları isə yekunlaşmaq üzrədir.

Qiymətləndirilən xarici qida obyektləri Rusiya Federasiyası, Belarus, Almaniya, Çin, Ukrayna, İran, Gürcüstan, Polşa və digər ölkələrdə fəaliyyət göstərir.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, ölkə ərazisinə yüksək risk qrupuna aid qida məhsullarının idxal edilməsi üçün xarici qida obyektləri aidiyyəti üzrə təsdiq olunmalıdır. Bununla bağlı, Azərbaycanın idxal tələblərinə uyğun olaraq, qida subyektləri və ya onların səlahiyyətli nümayəndələri Agentliyə müraciət etməlidirlər.