Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 23,4 faiz və ya 595,3 milyon ABŞ dolları artaraq 3,13 milyard dolları üstələyib.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 9 ayında Azərbaycandan Rusiyaya 864 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 37,7 faiz və ya 236,4 milyon dollar çoxdur.
Rusiyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 18,8 faiz və ya 358,8 milyon dollar artaraq 2,26 milyard dollar təşkil edib.
Cari ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rusiya ilə ticarətin payı 8,01 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 1,63 faiz bəndi çoxdur.