Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri, energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın dövlət katibinin parlament üzrə müavini, Biznes və Ticarət Departamentində ixracat naziri Malkolm Offordın iştirakı ilə onlayn görüş keçirilib.
Nazirlikdən verilən məlumata görə, görüşdə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, bu ilin dekabrında Bakıda keçirilməsi planlaşdırılan növbəti iclası və ikitərəfli enerji əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib.
Hökumətlərarası Komissiyanın 6-cı iclasının qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə verəcəyi bildirilib. Həmçinin iki ölkə arasında “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” layihəsinin tezliklə yekunlaşdırılmasının vacibliyi qeyd edilib.