2-22 oktyabr tarixlərində keçirilmiş 23-cü Respublika Sərgi-Satış Yarmarkasına 95 tondan çox arıçılıq məhsulu çıxarılıb və bu məhsulun 62 tondan çoxu satılıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, satılan məhsulların 1,5 tonu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.
Bu ilki bal yarmarkasında Azərbaycanın bütün iqtisadi rayonlarını təmsil edən 250 arıçı iştirak edib. İştirakçılara maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı (çərçivə) gətirmək hüququ verilib.
Ümumilikdə yarmarkada 57,6 ton çiçək və 20,5 ton cökə balı satışa çıxarılıb. Çiçək və cökə balları yarmarka dövründə satışa təqdim olunan arıçılıq məhsullarının 80 faizini təşkil edib.