İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətindən bildirilib ki, yuxarıda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi uçotuna alınmalıdır.
Fərdi sahibkar kimi vergi uçotuna alınma kağız daşıyıcıda “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin surətinə əsasən həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, KOB evlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Sahibkar vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilər. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.
Vergi Məcəlləsinin 16-cı maddəsinin müddəalarına əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilmiş gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, habelə qanunla müəyyən edilmiş vergiləri və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.
Vergi Məcəlləsinin 33.2-ci maddəsinin müddəalarına əsasən, bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır.
Əsas: Vergi Məcəlləsinin 16-cı və 33-cü maddələri