Naxçıvan Muxtar Respublikasında kreditləşmənin həcmi artıb

2023.10.27 17:24 (UTC+04:00)

Cari ilin ötən dövründə regionda fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən ümumilikdə 294,3 milyon manatdan çox kredit verilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasından verilən məlumata görə, bunu Naxçıvan Muxtar Respublikasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Naxçıvandan başlanan yol” mövzusunda konfransda çıxış edərkən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev deyib.

Onun sözlərinə görə, bu, ötən ilin müvafiq dövrünün göstəricisini 38,2 faiz üstələyir.

“Verilmiş kreditlərin 35,4 faizi və ya 104,3 milyon manatı regionda real sektorun inkişafına yönəldilib, bu da ötən ilin müvafiq göstəricisindən 2,8 dəfə çoxdur”, –E.Əliyev qeyd edib.