Cari ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikanın bank strukturları və kredit təşkilatları tərəfindən sahibkarlara 100 milyon manatdan çox kreditlər verilib ki, bunun 4,197 milyon manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşüb.
Azərbaycan Sahibkarlar Konfederasiyasından verilən məlumata görə, bunu Naxçıvan Muxtar Respublikasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Naxçıvandan başlanan yol” mövzusunda konfransda çıxış edərkən Naxçıvanın iqtisadiyyat naziri Tapdıq Əliyev deyib.
Onun sözlərinə görə, Fondun kreditlərinin 3,69 milyon manatı sənayenin, 492 min manatı kənd təsərrüfatının, 15 min manatı isə xidmət sahələrinin inkişafına yönəldilib.
Həmçinin Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən Naxçıvanda fəaliyyət göstərən bütün banklara 15 milyon manat vəsait ayrılıb. Bu vəsaitdən cari ilin 9 ayı ərzində Naxçıvanda fəaliyyət göstərən sahibkarlara 1,375 milyon manat güzəştli şərtlərlə kredit ayrılıb ki, bunun 450 min manatı sənayenin, 250 min manatı kənd təsərrüfatının, 675 min manatı isə xidmət sektorunun payına düşüb.
Nazir vurğulayıb ki, sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması və effektivliyinin artırılması, bu sahədə operativliyin və rahatlığın təmin olunması baxımından Naxçıvan Muxtar Respublikasının rayonları üzrə KOB dostları fəaliyyətə başlayıb.
Tapdıq Əliyev bu uğurların əldə edilməsində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqram”ının icrasının önəmini vurğulayıb.