Assosiasiya nar ixracını artırmağı planlaşdırır

2019.06.22 11:34 (UTC+04:00)

- Fərhad müəllim, yeddinci ildir ki, nar istehsalı və ixracı ilə məşğul olursuz. Əsas hədəfləriniz nədir?

- Türkiyə, Hindistan, Misir, İspaniya, ABŞ-ın Kaliforniya ştatı, Əfqanıstan , İsrail kimi bir çox ölkələr narçılıq üzrə ixtisaslaşıb. Həmin ölkələrdə bir hektar nar bağına düşən məhsuldarlıq 25-35 ton arasında olur, Azərbaycanda isə bu rəqəm 2018-ci ildə 7 ton təşkil edib. Biz də bu göstəricini əldə etmək üçün həmin ölkələrin nar bağlarında tətbiq olunan becərmə üsullarından istifadə edərək, analoji qurumların Azərbaycanda narçılar üçün keçirdiyi təlimlərdən maariflənərək öz fermerlərimizi qabaqcıl üsullardan istifadə etməyə həvəsləndiririk.

Assosiasiyamızın Azərbaycanda bir neçə ixracatçı üzvləri var ki, birbaşa nar bağlarından meyvələri Ukrayna, Rusiya və digər MDB ölkələrinə ixrac edirlər. Bilirsiniz ki, kənd təsərrüfatı məhsullarının istehsalı vergilərdən azaddır, yalnız emala yönəldilən hissə vergiyə cəlb edilir. İxrac qabiliyyətli məhsula görə bizə 3 faizlik ixrac təşviqi haqqı ödənilir. Yəni ixrac olunan məhsullardan əldə etdiyimiz ümumi məbləğin 3 faizi dövlət tərəfindən bizə geri qaytarılır. Bu da narçılığın inkişafı üçün çox böyük töhfədir.

- Rəhbərlik etdiyiniz şirkətin illik dövriyyəsi nə qədərdir?

- Nar kolları, əsasən, 3 ildən sonra bar verməyə başlayır. Düzgün aqrotexniki qulluq edildikdə 8-ci ildən bol məhsul verməyə başlayır. Bağlarımız hələ gənc olduğuna görə, ötən il şirkətimizin məhsuldarlığı hər hektar üzrə 1800 ton oldu. Bu il 3500-4000 ton arasında məhsul əldə etmək proqnozlaşdırılır. Ümumilikdə isə ölkə üzrə 2018-ci ildə 170 min tona yaxın nar istehsal edilib. Təxminən 9300 tondan artıq ixrac yaş meyvə olaraq həyata keçirilib. Həmin məhsulun ümumi dəyəri 12 milyon 400 min dollar olub. 2017-ci illə müqayisədə bu rəqəm 22 faiz çoxdur. Düşünürəm ki, bu il ümumi istehsalda təxminən 10-15 faiz artım olacaq.

- Əsasən hansı rayonlarda narçılıq inkişaf etdirilir?

- Nar, əsasən, Mil-Muğan, Aran, Dağlıq Şirvan, Gəncəbasar zonasında yetişdirilir. İxtisaslaşdırılmış rayonlar isə Göyçay, Ucar, Ağdaş, Kürdəmir, Sabirabad, Hacıqabuldur. Bu zonalarda narçılıq yaxşı inkişaf edib. Ümumiyyətlə, ölkəmizdə 23 min 700 hektara yaxın nar bağı var. Abşeron yarımadasında da, həyətyanı sahələr daxil olmaqla, 2200 hektara yaxın nar bağı salınıb.

- Bəs xaricdə hansı növ məhsullara tələbat daha çoxdur?

- Biz narı təkcə meyvə kimi deyil, həm də ondan hazırlanmış məhsul kimi ixrac edirik. Narşərab, nar şirələri, nardan hazırlanmış çaxır kimi məhsullara dünya bazarlarında maraq artıb. Ölkəmizdəki istehsal müəssisələri də həmin məhsulların artırılmasında maraqlıdırlar.

- Məhsulları daha çox hansı ölkələrə ixrac edirsiniz?

- Hazırda 30-dan çox ölkəyə nar məhsulları ixrac edirik. Buraya həm MDB, həm Avropa ölkələri, həm də ABŞ və Avstraliya daxildir. İcracın Təşviqi Fondu vasitəsilə beynəlxalq qida sərgilərində iştirak edirik. Fermerlərin keyfiyyətli məhsul istehsal etməsi əsas şərtlərdəndir. İxrac üçün narın düzgün qablaşdırılması, tərkibinin qida təhlükəszliyi standartlarına cavab verən səviyyədə olması vacibdir. Ona görə də ixrac üçün müəyyən sertifikatlar tələb olunur. Biz hazırda fermerlərə bununla bağlı təlim keçirik. Onlara izah edilir ki, sertifikatları almaqla Avropa ölkələrinə daha çox məhsul ixrac edib gəlir götürə bilərlər.

- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Fermerlərimizi düzgün maarifləndirməklə beynəlxalq bazarın tələbinə uyğun meyvə yetişdirməyə çalışırıq. Əsas hədəfimiz narın ixrac potensialını yüksəltməklə Azərbaycana valyuta axınını artırmaqdır. Kənd təsərrüfatında aparılan islahatlar çərçivəsində yaxın 5 il ərzində nar təsərrüfatlarının 23,7 min hektardan 28 min hektara çatdırılması nəzərdə tutulub.

Fərqanə ALLAHVERDİQIZI