Vaxtı keçmiş tibbi məhsulların uçotdan silinməsi

2023.10.31 09:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Müraciətdə qeyd olunan yararsız malların uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə, həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır.

Əlavə olaraq, ƏDV ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququna malikdirsə, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.

Vergitutma məqsədləri üçün qüsurlu vəziyyətdə olan əmtəə-material ehtiyatları forması Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmiş ciddi hesabat blankı olan “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”la sənədləşdirilə bilər.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu, 159.5-ci maddələri və Azərbaycan Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”