Bu ilin yanvar-sentyabr aylarında Bakı hava limanının ümumi sərnişin dövriyyəsi 25 faiz artaraq 4,325 milyon nəfərdən çox olub.
Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, ötən ilin eyni dövründə bu göstərici 3,223 milyon təşkil edib.
Beynəlxalq istiqamətlərdə daşınan sərnişinlərin 58,6 faizi xarici aviadaşıyıcıların payına düşüb. Hesabat dövründə bu aviaşirkətlər 2,214 milyondan çox sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz artım deməkdir. Bu dövrdə AZAL 1,5 milyondan çox sərnişinə beynəlxalq uçuşlarda, 549 min nəfər sərnişinə isə Naxçıvan istiqamətində xidmət göstərib.
Hava limanından ən çox sərnişin Bakıdan İstanbula və əks istiqamətdə daşınıb. Qeyd olunan dövr ərzində bu göstərici 746 min nəfərdən çox olub. Daşınan sərnişinlərin sayına görə digər pillələrdə ardıcıl olaraq Naxçıvan, Moskva, Dubay və Tbilisi qərarlaşıb.