Azərbaycanda təbii almaz emalı infrastrukturunun qurulması imkanları öyrəniləcək

2023.10.25 17:20 (UTC+04:00)

“AzerGold” QSC, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Hindistanın “Devngi Innovations LLP” şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

QSC-dən verilən məlumata görə, sənədi “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov, “Azərbaycan İnvestisiya Şirkəti”nin icraçı direktoru Ülvi Mansurov və “Devngi İnnovations LLP” şirkətinin səlahiyyətli nümayəndəsi Sanat Nareşkumar Vaviya imzalayıblar.

Anlaşma Memorandumunun imzalanmasında əsas məqsəd Azərbaycan-Hindistan tərəfdaşlığı əsasında ölkəmizdə sintetik (süni) almaz sənayesi, təbii almaz emalı infrastrukturunun qurulması imkanlarının öyrənilməsi, birgə şirkətin yaradılması və fəaliyyətinin təşkil edilməsidir.

Qeyd edək ki, Hindistanın “Devngi İnnovations LLP” şirkəti sintetik almaz sənayesində geniş təcrübəyə malik olmaqla, CVD (kimyəvi buxarçökmə texnologiyası ilə yetişdirilən sintetik almazlar) almazlarının istehsalçısıdır.