Sənaye zonalarında əlavə iş yerləri açılacaq

2023.10.25 16:46 (UTC+04:00)

Azərbaycanın mövcud sənaye zonalarında 71 müəssisə istehsal fəaliyyəti göstərir və bu günədək sənaye zonalarına 6,6 milyard manat investisiya yatırılıb ki, bunun da sayəsində 11 mindən çox daimi iş yerləri yaradılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 780 milyon manata yaxın investisiyanın yatırılması, 6,4 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Sənaye zonalarında indiyədək ümumilikdə 11,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,6 milyard manatlıq hissəsi ixrac olunub.

Bu ilin yanvar-sentyabr aylarında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 2,3 milyard manatlıq məhsul satılıb ki, bunun 31,4 faizi və ya 722,3 milyon manatlıq hissəsi ixracın payına düşür.

Cari ilin ilk 9 ayında 2,3 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 17,9 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 22,9 faiz (722,3 milyon manat) olub.

Sənaye zonalarında istehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, “Made in Azerbaijan” brendi adı ilə dünyanın 60-dan artıq ölkəsinə ixrac edilib.