Təhsil biznesinin perspektivləri

2019.06.21 17:30 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə Bakıda "Təhsil biznesi sektoru: mövcud vəziyyət və perspektivlər" mövzusunda forum keçirilib. Tədbirdə təhsil sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri, eləcə də Təhsil, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Milli Elmlər Akademiyasının və müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri, KOBİA yanında İctimai Şuranın üzvləri iştirak ediblər.

Forumda təhsil sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə ictimai şuraların və vətəndaş cəmiyyəti institutlarının rolu, dövlət-özəl sektor əməkdaşlığı müzakirə edilib.

Tədbirdə təhsilin insan kapitalının inkişafında mühüm rol oynadığı vurğulanıb, ixtisaslı mütəxəssislərin hazırlanması üçün təhsilin bütün mərhələlərində keyfiyyətin davamlı olaraq yüksəldilməsinə, peşə təhsili sisteminin KOB-ların ehtiyaclarına uyğun qurulmasına, KOB subyektləri üçün "ömür boyu öyrənmək" imkanlarının təmin edilməsinə, təhsildə dövlət-özəl tərəfdaşlığına dair müzakirələr aparılıb, təhsil sektoruna investisiya qoyuluşu, təhsil müəssisələrində innovativ strukturların yaradılması və digər təkliflər səsləndirilib.