“Fitch” SOCAR-ın reytinqini “BB+” səviyyəsində təsdiqləyib

2023.10.25 11:42 (UTC+04:00)

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi SOCAR-ın Uzunmüddətli Emitent Defolt Reytinqini (IDR) və yüksək təminatsız reytinqini “BB+” səviyyəsində təsdiqləyib. Proqnoz müsbət olaraq qalır. Bərpa reytinqi “RR4”dür.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı “Fitch Ratings”in hesabatına istinadən xəbər verir ki, daha güclü maliyyə profili nəzərə alınaraq SOCAR-ın Müstəqil Kredit Profili (SCP) "b+"dan "bb-"-yə dəyişdirilib.

SOCAR-ın levereci tarixən analoji kredit reytinqinə malik olan ölkələr qrupu ilə müqayisədə nisbətən yüksək olub, lakin 2022-ci ildən etibarən azalıb. Bu, neft və qaz qiymətlərinin yüksək olması səbəbindən daha yüksək pul axınını əks etdirir. “Fitch” SOCAR-ın 2026-cı ilə qədər olan proqnoz dövründə güclü maliyyə profilini qoruyacağını gözləyir.

SOCAR və “Total Energies” 2023-cü ilin iyul ayında “Abşeron” qaz-kondensat yatağında hasilata başlayıb. SOCAR 2023-cü ildə “Abşeron”dan hasilatın 1,8 milyon barel neft və 707 milyon kubmetr təbii qaz təşkil edəcəyini gözləyir. “Fitch” hesab edir ki, Abşeronun işə salınması SOCAR-ın biznes profilini yaxşılaşdıracaq.