İndiyədək Sumqayıt Kimya Sənaye Parkına (SKSP) rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) məlumatına görə, ümumi investisiyalarının həcmi təqribən 5,8 milyard manata yaxın 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Qeydiyyata alınan 38 rezidentdən 23-ü artıq fəaliyyət göstərir.
Bu günədək Parkın rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq satış həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi - təqribən 35 faizi ixracın payına düşür.
Cari ilin yanvar-sentyabr aylarında Sənaye Parkında 2,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 674,4 (32 faizi) milyon manatlıq hissəsi ixrac edilib.
SKSP-də hazırda 6,6 mindən çox insan daimi işlə təmin olunub. Bundan əlavə, mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 394 milyon manatdan artıq investisiyanın yatırılması, 2 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.